İspaniya millisi Avropa çempionatları tarixində iki rekorda imza atdı

AÇ-2024-ün yarımfinalında Fransa yığmasını 2:1 hesabı ilə məğlub edərək finala yüksəlmiş İspaniya millisi 2 rekorda imza atıb.

Arena.az məlumat verir ki, İspaniya yığması Avropa çempionatlarının tarixində finala ən çox yüksəlmiş komanda olub.

Beləliklə, İspaniya yığması buna qədər 4 dəfə Avropa çempionatlarının finallarında oynamış Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yığmasının nailiyyətini (AÇ-1960, AÇ-1964, AÇ-1972 və AÇ-1988) üstələyərək, mütləq rekord müəyyənləşdirib.

İspaniya yığması Avropa çempionatları tarixində 5-ci dəfə final oynayacaq. Buna qədər “qırmızı qəzəb” AÇ-1964, AÇ-1984, AÇ-2008 və AÇ-2012-də həlledici oyunlara çıxıb.

İspaniya yığması vətənində keçirilmiş AÇ-1964-də ilk dəfə Avropa çempionluğunu bayram edib. Ev sahibi olaraq SSRİ yığmasına qarşı oyuna çıxmış ispanlar 2:1 hesablı qələbə qazanıblar.

Fransada keçirilmiş AÇ-1984-də isə İspaniya yığması Avropa çempionatının ev sahibi “xoruz”lara məğlub olub (0:2).

Avstriya və İsveçrədə təşkil edilmiş AÇ-2008-də, həmçinin Polşa və Ukraynada keçirilmiş AÇ-2012-də isə İspaniya yığması ardıcıl olaraq çempionluğu bayram edib. Bununla da ispanlar yeni rekord müyyənləşdirmişdilər. AÇ-2008-in finalında ispanlar Almaniya yığmasını 1:0 hesabı ilə məğlub etmişdilər. AÇ-2012-nin finalında isə sözügedən komanda İtaliya yığmasını 4:0 hesabı ilə əzişdirmişdi.

AÇ-2024-də Fransa yığması üzərində qələbə ilə İspaniya yığması Avropa çempionatları tarixində bir yarış çərçivəsində ardıcıl 6 oyunda qalib gəlməklə daha bir rekord müəyyənləşdirib.

Xatırladaq ki, “qırmzı qəzəb” “B” qrupunda Xorvatiya (3:0), İtaliya (1:0) və Albaniya (1:0) yığmalarını məğlub edərək, ələmə mərhələsinə 9 xalla qrup qalibi olaraq yüksəlib. Yarışın 1/8 finalında ispanlar Gürcüstan millisini (4:1), 1/4 finalda isə Avropa çempionatının ev sahibi Almaniya yığmasını (2:1) məğlub ediblər.

Finala yüksəlmiş İspaniya millisi iyul ayının 14-də AÇ-2024-ün həlledici oyununa çıxacaq. “Qırmızı qəzəb”in rəqibi bu gün, iyulun 10-da keçiriləcək Niderland – İngiltərə cütününü qalibi olacaq.