İspaniya futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümündə 5 komanda ilə təmsil olunacaq.
Arena.az xəbər verir ki, bu, Avropa Liqasının (Avroliqa) ötən gecə keçirilmiş 1/4 final mərhələsinin cavab oyunlarından sonra rəsmiləşib.
İtaliyanın “Latsio” komandası penaltilər seriyasında Norveçin “Bodo Qlimt” kollektivinə uduzaraq avrokuboklarda mübarizəni dayandırıb. Bununla da İtaliyanın UEFA reytinqində İspaniyanı keçmək şansı qalmayıb.
Düzdür, “İnter” ÇL-də, “Fiorentina” Avropa Konfrans Liqasında mübarizəni davam etdirir. Amma hazırda 21,187 xala malik İtaliyanın 23,250 xalı olan İspaniyanı keçməsi mümkün olmayacaq. Bu isə 2-ci yerin sahibi kimi İspaniyaya 5-ci vəsiqə verir. 1-ci yerdə olan İngiltərə 5-ci vəsiqəni daha öncə təmin edib.
Qeyd edək ki, İspaniyanın üç klubu yarımfinalda mübarizəni davam etdirir. “Barselona” UEFA Çempionlar Liqasında, “Atletik” Avropa Liqasında, “Betis” də Avropa Konfrans Liqasında finala vəsiqə uğrunda mübarizə aparacaq.