İspaniyada, peşəkar futbol stadionlarında baş verən xoşagəlməz hadisələrin birgə müzakirəsi və təhlili məqsədilə tədbir keçirilib.
Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, İspaniya La Liqasının, İspaniya Milli Polisinin Milli İdman Direktorluğunun, İspaniya Kral Futbol Federasiyasının (RFEF) və İspaniya Futbol Komandası Həkimləri Assosiasiyasının (AEMEF) nümayəndələri ölkənin peşəkar futbol stadionlarında baş verən xoşagəlməz hadisələrin birgə müzakirəsi və təhlili məqsədilə bir araya gəliblər.
Görüş çərçivəsində, meydanda və tribunalarda, bəzi hallarda isə stadionların yaxınlığında baş verən hadisələrlə bağlı UCO (Təşkilata Nəzarət Bölməsi) və arbitraj komandası arasında protokolun razılaşdırılmasında tərəflər arasında irəliləyiş əldə edilib. Məqsəd azarkeşlər və oyunçular üçün təhlükəsiz mühiti qorumaq, eyni zamanda orada olan müxtəlif peşəkarlar: təhlükəsizlik qüvvələri, tibb işçiləri, özəl təhlükəsizlik işçiləri və s. tərəfindən tez və səmərəli qarşılıq verilə bilməsini təmin etməkdir.
Tədbirdə, FIFA protokolu əsasında hazırlanmış, futbolda zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüyə qarşı mövcud protokol, onun tətbiqi halları və mümkün tədbirlər, o cümlədən oyunların dayandırılması məsələləri də təhlil edilib.