İtaliya Kubokunda “İnter” yenə hamıdan güclü oldu!

Futbol üzrə İtaliya Kubokunda 2022/2023 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyun bu gün “Fiorentina” və “İnter” komandaları arasında baş tutub.

Finalda hesabı 3-cü dəqiqədə Florensiya təmsilçisi açıb. Amma Milan klubu nəinki ruhdan düşüb, əksinə, Lautaro Martinesin dublu sayəsində fasiləyə qədər hesabda önə də keçib. İkinci hissədə hesab dəyişməz qaldığından “İnter” ölkə kubokunun qalibi olub.

Bu, Milan təmsilçisinin İtaliya Kubokunda ardıcıl ikinci, bütövlükdə isə 9-cu belə uğurudur. “İnter” 1939, 1978, 1982, 2005, 2006, 2010, 2011 və 2022-ci illərdə də kubokun finalından qalib ayrılıb. Milanlılar kubok sayında “Roma”ya çatıblar. İtaliya Kubokunun ən çox qazanan komanda isə “Yuventus”dur – 14 dəfə!

İtaliya Kuboku
Final
24 may

Fiorentina – İnter 1:2
Qollar: Nikolas Qonsales, 3 – Lautaro Martines, 29; 37.