İvan Yuriç – “Roma”nın yeni baş məşqçisi!

Xorvatiyalı futbol mütəxəssisi İvan Yuriç İtaliyanın “Roma” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən məlumat verir.

Xorvat məşqçinin “canavarlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər davam edəcək. İtaliya mətbuatının yazdığına görə, “Roma” bu mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə müqavilənin müddətinin dərhal uzadılması da mümkündür.

Yuriç “Roma”nın “sükanı arxasında” bu gün istefaya göndərilmiş “canavarlar”ın əfsanəvi keçmiş oyunçusu, italyan mütəxəssis Daniele De Rossini əvəz edib. Yuriç artıq yeni komandasını bu gün ilk məşqə də çıxarıb.

Qeyd edək ki, “Roma” İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünün yarış cədvəlində 16-cı yerdə qərarlaşıb. “Canavarlar” 4 oyundan cəmi 3 xal toplayıblar. De Rossinin istefaya göndərilməsinə də məhz komandanın uğursuz nəticələri səbəb olub.

De Rossinin “Roma”nın sükanı arxasında fəaliyyəti 30 oyun, 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyətdən ibarətdir.

İvan Yuriçin sonuncu iş yeri isə “Torino” olub. O, 2021-ci ilin iyul ayından rəhbərlik etdiyi Turin təmsilçisini bu ilin iyununda tərk edib. Bu müddət ərzində Yuriç “Torino”nu 122 oyuna çıxarıb – 45 qələbə, 36 heç-heçə, 41 məğlubiyyət.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə “İnter”də köməkçi kimi başlamış İvan Yuriç, bir mövsüm “Palermo”da da oxşar vəzifədə çalışıb. O, “Mantova”, “Krotone”, “Cenoa” və “Verona”da da baş məşqçi kimi fəaliyyətdə olub. Yuriçin məşqçilik fəaliyyəti dövründə hələlik ciddi heç bir uğuru yoxdur.