Jamiro Monteyro “Qaziantep”də

Futbol üzrə Kabo Verde yığmasının və “San Xose”nin mərkəz yarımmüdafiəçisi Jamiro Monteyro bundan sonra “Qaziantep”in formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı futbolçu azad agent kimi qoşulduğu Super Liqa təmsilçisi ilə bu mövsümün sonuna kimi anlaşıb.

Niderlandda dünyaya göz açmış Jamiro Monteyro peşəkar karyerası ərzində “Kambur”, “Herakles Almelo”, “Mets”, “Filadelfiya Yunion” kimi klubların da formasını geyinib. O, 2022-ci ilin fevralından “San Xose”də çıxış edirdi. Yarımmüdafiəçi ABŞ klubunun heyətində 64 oyuna çıxıb, 5 qol vurub, 9 məhsuldar ötürmə verib.

Monteyro 2016-cı ildən formasını geyindiyi Kabo Verde yığmasında 37 oyun keçirib, 4 qola imza atıb.

Fransanın “Bordo” klubunun seneqallı hücumçusu Aliu Badji də “Qaziantep”ə keçib. Super Liqa təmsilçisi 26 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti olmadan icarəyə götürüb.

Aliu Badji “Kasa Sports”, “Yurqorden”, “Rapid” (Vyana), “Əl-Əhli”, “Ankaragücü”, “Amyen” kimi klublarda da forma geyinib. O, 2022-ci ildən formasını geyindiyi “Bordo”da 47 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

“Qaziantep” 2 futbolçusu ilə də yollarını ayırıb. İsveçrə yığmasının da üzvü olan Albian Ayeti Türkiyə klubunu “Bazel”ə dəyişib. 26 yaşlı futbolçu İsveçrə klubu ilə 1,5 + 1 illik müqaviləyə imza atıb. O, 2023-cü ilin sentyabrında keçdiyi “Qaziantep”də cəmi 5 oyuna çıxıb və 1 qola imza atıb. Ayeti daha öncə də “Bazel”də forma geyinib. O, yetirməsi olduğu bu komandanın heyətində bütövlükdə 96 oyuna çıxıb, 43 qol və 21 assist müəllifi olub. “Seltik”, “Sankt Qallen”, “Şturm Qraz”, “Vest Hem”, “Auqsburq” kimi klublarda da oynamış hücumçu İsveçrə yığmasında 11 oyuna 1 qol vurub.

“Qaziantep” hücumameyilli yarımmüdafiəçisi Luka Stankovskini də “Tuzlaspor”a icarəyə verib. Şimali Makedoniyadan olan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Rabotniçki”nin yetirməsi olan futbolçu “Qaziantep”ə 2022-ci ildə gəlsə də, bu komandada cəmi 14 oyuna çıxıb və 1 qolla yadda qalıb. O, ötən il “Qoritsa”da da icarədə olub.