Jan Filipp Qbamen “Nant”a gəldi, Samuel Mutussami ayrıldı

Fransanın “Dyunkerk” klubunun dayaq yarımmüdafiəçisi Jan Filipp Qbamen bundan sonra “Nant”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Kot-d’İvuar yığmasının da üzvü olan 28 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib. O, “Nant”la 1 illik müqaviləyə imza atıb.

Jan Filipp Qbamen Fransanın “Lans” klubunun yetirməsidir. Almaniyada “Maynts”ın, İngiltərədə “Everton”un, Rusiyada ÇSKA-nın (Moskva), Türkiyədə “Trabzonspor”un da formasını geyinmiş yarımmüdafiəçi, ötən mövsüm “Dyunkerk”də 21 oyuna 2 qol və 1 assistlə yadda qalıb.

Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Qbamen, 2017-ci ilin iyun ayında Kot-d’İvuar yığmasında debüt edib. O, millinin heyətində 17 oyun keçirib, 2 assistlə yadda qalıb.

“Nant”ın mərkəz yarımmüdafiəçisi Samuel Mutussami isə azad agent kimi Türkiyənin “Sivasspor” klubuna keçib. 28 yaşlı konqolu futbolçu Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Samuel Mutussami 2014-cü ildən “Nant”ın uğurları üçün çalışırdı. Bu klubun əsas komandasında 179 oyun keçirmiş futbolçu, 4 qol və 7 assist müəllifi olub. O, bir mövsüm “Fortuna” (Sittard) klubunda icarədə də olub. 2019-cu ildən Konqo Demokratik Respublikası yığmasında çıxış edən Mutussami, millinin heyətində 37 oyun keçirib.

“Sivasspor”dan daha 2 transfer və 1 yeni müqavilə

“Sivasspor” Mutussamidən başqa Keyta BaldeYan Beqanskini də transfer edib. Balde Moskva “Spartak”ından azad agent kimi Sivas klubuna keçib və 2 illik müqaviləyə imza atıb.

Keyta Balde “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya”, “Kalyari”, “Espanyol” kimi klublarda da çıxış edib. 29 yaşlı seneqallı hücumçu ölkəsinin milli komandasında 39 oyuna çıxıb, 6 qol və 3 assist müəllifi olub.

Yan Beqanski isə Polşanın “Lexiya” (Qdansk) klubundan transfer olunub. 21 yaşlı polşalı dayaq yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Peşəkar karyerasına “Tıxı”da başlamış futbolçu, 2021-ci ildən “Lexiya”nın uğurları üçün çalışırdı. O, Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt etməyib.

“Sivasspor” qvineyalı hücumçusu Fode Koyta ildə də yeni müqavilə bağlayıb. Əvvəlki müqaviləsinin müddəti bu yay başa çatmış 33 yaşlı forvard 2024/2025 mövsümünün sonunadək Sivasda qalacaq.

Koyta 2023-cü ilin sentyabrından “Sivasspor”da çıxış edir. O, bu klubun heyətində 27 oyuna 9 qol vurub. Fode daha öncə Türkiyədə “Kasımpaşa” və “Trabzonspor”un da formasını geyinib. “Kan”, “Havr”, “Monpelye”, “Lans”, “Bləkbörn” kimi klublarda da çıxış etmiş hücumçu, Qvineya yığmasında cəmi 4 matç keçirib, fərqlənə bilməyib.