Fransanın “Nitsa” klubunun mərkəz müdafiəçisi Jan-Kler Todibo bundan sonra İngiltərə təmsilçisi “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Vest Hem” 24 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Jan-Kler Todibo “Nitsa”ya 2021-ci ilin iyul ayında İspaniyanın “Barselona” klubundan 8,5 milyon avro qarşılığında keçib. Onun Fransa klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. Todibo “Nitsa”nın heyətində 136 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Todibo “Nitsa”dan öncə “Barselona”, “Şalke”, “Benfika” kimi klublarda da forma geyinib. Fransanın U-20 və U-21 yığmalarında da oynamış müdafiəçi, bu ölkənin əsas millisində cəmi 2 matça çıxıb.
Todibonu heyətinə qatmış “Vest Hem” gənc hücumçusu Kallum Marşalı da “Haddersfild”ə icarəyə verib. Şimali İrlandiyadan olan 19 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
Şimali İrlandiyanın “Linfild” klubunun yetirməsi olan Marşall, 2022-ci ilin yanvarından “Vest Hem”in sıralarındadır. Bu klubun əsas komandasında cəmi 1 oyun keçirmiş forvard, “Vest Bromviç”də icarədə də olub.
2023-cü ilin iyun ayında Şimali İrlaniya yığmasında debüt etmiş Marşall, əsas yığmada 4 oyun keçirsə də, fərqlənə bilməyib. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Nitsa”dan “Boxum”a
Yeri gəlmişkən, “Nitsa”nın sol vingeri Aliu Balde də icarə əsasında Almaniyanın “Boxum” klubuna keçib. Bundesliqa təmsilçisi də 21 yaşlı hücumçunun satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Peşəkar karyerasına “Feyenoord”da başlamış Aliu Balde, “Beveren”, “Dordrext”, “Lozanna Sport” kimi klublarda da çıxış edib. Əslən Seneqaldan olan, vaxtilə bu ölkənin U-17 yığmasında da oynamış Aliu, bu ildən Qvineyanın əsas millisində çıxış etməyə başlayıb. O, “Nitsa”nın heyətində 9 oyun keçirsə də, fərqlənə bilməyib.
“Boxum” Niderlandın “Alkmar” klubunun mərkəz yarımmüdafiəçisi Dani de Viti də heyətinə qatıb. “Ayaks”ın yetirməsi olan, 2019-cu ildən “Alkmar”da çıxış edən 26 yaşlı niderlandlı futbolçu Bundesliqa təmsilçisi ilə azad agent kimi 4 illik müqavilə bağlayıb.
Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış De Vit, əsas millidə debüt şansı qazanmayıb.
“Boxum” sağ cinah müdafiəçisi Xordi Osey-Tutu ilə də yollarını ayırıb. Əslən Qanadan olan 25 yaşlı ingiltərəli futbolçu azad agent kimi “Bolton”a keçib və İngiltərə klubu ilə 2 illik müqavilə bağlayıb. “Arsenal”ın yetirməsi olan, “Roterem Yunayted”, “Kardiff Siti”, “PAS Yannina”, “Nottingem Forest” kimi klublarda da oynamış Osey-Tutu, “Boxum”un heyətində 44 oyuna çıxıb, 5 qol və 3 assistlə yadda qalıb.