Jan-Lui Qasse istefaya göndərildi

Futbol üzrə Fransa çempionatında uğursuz mövsüm keçirən “Monpelye” komandasının baş məşqçisi Jan-Lui Qasse istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.

71 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. O, ötən ilin oktyabrından komandaya rəhbərlik edirdi. Qassenin rəhbərliyi altında 21 oyun keçirmiş “Monpelye” bu görüşlərdə cəmi 3 qələbə qazanıb, 2 heç-heçə edib, 16 oyunda məğlubiyyətə üzülüb. “Monpelye” Liqa 1-də ardıcıl 9 matçdır uduzur. Komanda hazırda turnir cədvəlində 15 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, 2023/24 mövsümünün sonunda peşəkar karyerasını başa vurduğunu açıqlamış fransalı məşqçi Jan-Lui Qasse məhz “Monpelye”dən aldığı təklifə görə yenidən sevimli işinə qayıtmışdıb. Təcrübəli mütəxəssis bu klubla 2024/2025-ci illər mövsümünün sonunadək (2025-ci ilin 30 iyununa qədər) anlaşmışdı. Amma komandanın uğursuz çıxışı onun işini başa çatdırmasına imkan verməyib.

Jan-Lui Qasse “Monpelye” üçün tanış simadır. Fransalı mütəxəssis futbolçu karyerası dönəmində – 1975-ci ildən 1985-ci ilədək məhz bu klubun şərəfini qoruyub. O, məşqçiliyə də elə futbolçu karyerasını başa vurduğu ildən etibarən bu klubda başlayıb. 3 il “Monpelye”də köməkçi-məşqçi kimi çalışmış Qasse, 1998-ci ildə də baş məşqçi təyin olunub və bir mövsüm bu komandaya rəhbərlik edib. O, daha sonra 2017-ci ildə də qısa müddət doğma klubunda baş məşqçi kimi çalışıb.

Təcrübəli məşqçi karyerası ərzində PSJ, “Espanyol”, “Bordo”, “Sent-Etyen”, “Olimpik” (Marsel) klublarında, həmçinin Fransa yığmasında assistent kimi fəaliyyət göstərib. O, həmçinin “Kan”, “İstr”, “Sent-Etyen”, “Bordo”da, həmçinin Kot-d’İvuar yığmasında baş məşqçi olub.