Jeremi Frimponq “Qarabağ”ın rəqibi ilə sözləşmə yenilədi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bayer” müdafiəçisi Jeremi Frimponq ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 22 yaşlı sağ cinah oyunçusunun sözləşməsi 2028-ci ilin 30 iyununa qədər artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2025-ci ilin yayına kimi idi.

Jeremi Frimponq İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir. Niderlandlı futbolçu 2021-ci ilin yanvarında Şotlandiyanın “Seltik” klubundan 11 milyon avro qarşılığında Bundesliqa təmsilçisinə keçib. Müdafiəçi Almaniya klubunun heyətində 103 oyuna çıxıb, 13 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub. O, Niderlandın U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb.

Xatırladaq ki, “Bayer”lə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.

Xəbəri istədiklərinizlə paylaşın