Jesse Sekidika “Sabah”ı Cənubi Koreya klubuna dəyişdi

Bir neçə gün əvvəl “Sabah”dan ayrılmış nigeriyalı cinah hücumçusu Jesse Sekidika bundan sonra Cənubi Koreyada çıxış edəcək.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu K-Liqa təmsilçisi “Qanqvon”la rəsmi müqavilə imzalayıb.

Cənubi Koreya klubu Sekidikanın 70 nömrəli formanı geyinəcəyini açıqlayıb. “Qanqvon”un ən böyük transferi hesab edilən ön xətt oyunçusunu klub prezidenti Kim Byunq Ji şəxsən qarşılayıb və tibbi müayinə zamanı onu müşayiət edib.

Xatırladaq ki, Jesse Sekidika 2023-cü ilin sentyabr ayından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”ın tarixində mühüm rol oynamış futbolçulardandır. Nigeriyalı futbolçu “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

29 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Əskişəhərspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyəspor” (2023) və Belçikanın “Leven” (2021) klublarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: