“Əl-Hilal”ın baş məşqçisi Jorje Jezus Niderland yığmasının baş məşqçisi Ronald Kumanın Səudiyyə Ərəbistanı liqasına baxışını şərh edib.
Arena.az məlumat verir ki, portuqal mütəxəssis, Kumanın niderlandlı sol cinah hücumçusu Stiven Berqveynin “Ayaks”dan “Əl-İttihad”a keçidi ilə bağlı, daha əvvəl Səudiyyə Ərəbistanı liqasının aşağı səviyyədə olması haqda tənqidi fikir səsləndirməsini əsassız hesab edir:
“Niderland çempionatı Avropanın ən zəif çempionatlarından biridir. Kumanın isə Səudiyyə Ərəbistanı liqasına bələd olmadığı üçün belə bir söz deməyə mənəvi haqqı yoxdur. Burada heç bir müqayisə ola bilməz, çünki Səudiyyə Ərəbistanı çempionatı Niderland çempionatından güclüdür”, – “A Bola” dərgisi Jezusdan sitat gətirir.
Xatırldadaq ki, Kuman həmvətəni, niderlandlı sol cinah hücumçusu Stiven Berqveynin ünvanına tənqidi fikir səsləndirdikdən sonra, Niderland yığmasının qapılarının onun üçün bağlandığını bildirmişdi. Öz növbəsində, Berqveyn müvafiq mövqe tutmuş belə bir mütəxəssisin rəhbərliyi altında çıxış etmək niyyətində olmadığını vurğulamışdı.