“Barselona”nın prezidenti Joan Laporta İspaniya mətbuatına geniş müsahibə verərək bir çox xüsuslara toxunub.
Arena.az məlumat verir ki, Laporta UEFA Millətlər Liqası, Çempionlar Liqasının yeni tərtibatı, Avropa Super Liqası, “Barselona”nın cari maliyyə vəziyyəti, “blauqrana”nın yenidən qurulan stadionuna qayıdışı, klubun transfer siyasəti ilə bağlı danışıb.
İspaniyalı funksioner UEFA Millətlər Liqası barədə tənqidi fikirlər söyləyib:
“Mən Millətlər Liqasının əleyhinəyəm. Onlar (UEFA) bu yarışı dal qapıdan soxuşdurdular. Orada futbolçuların hüquqlarına riayət edilmir, bunun bədəlini isə klublar ödəyirlər. Bu, futbolçuların və klubların maraqlarına uyğun tənzimlənməlidir”.
Laporta UEFA Çempionlar Liqasının yeni tərtibatı və Avropa Super Liqası haqda fikrini bildirib:
“Mən daha çox pul alacağımızı düşünürdüm, amma məlum oldu ki, daha çox oyunumuz var. Bu yarışda qalib olmaq nüfuzdur, amma mən hər şeyin fərqli olacağını gözləyirdim. Qrup mərhələsində daha cavab görüşlərinin olmaması vəziyyəti təhrif edir.
Super Liqa? O, heç vaxt olmadığı kimi yaşayır, onun təşkili üçün isə hər şey hazırdır. Amma futbol qurumları ilə anlaşmaq gərəkdir. “Barsa” bu təşkilatlarla Super Liqa arasında körpü rolunu oynamalıdır”.
İspan məmur bildirib ki, Kataloniya klubu öz maliyyə vəziyyətinin bərpası yolundadır:
“Biz kluba gələndə təcili öhdəlikləri yerinə yetirmək və əmək şəraitini yaxşılaşdırmaq üçün bütün iqtisadi qollar işə salındı. Biz tərəqqiyə müvəffəq olmağa nail olduq, amma yara açıq qalırdı. Bu gün deyə bilərik ki, “Barselona” xərclədiyindən daha artıq qazanır. Klubun gəliri 41% artıb. Bu, çox vacibdir.
Ötən illə müqayisədə dövriyyəmiz 70%-dən çox artıb. Gözlənilməz itkilərimiz də oldu, amma biz əminik ki, sərmayələrimiz son nəticədə gəlir gətirəcək. “Barselona”nın iqtisadiyyatı inkişaf edir. Bu, durğun vəziyyət deyil. Nəhayət, görülən işlər öz nəticəsini verəcək. Biz yaranı sağaltmışıq”.
“2025-ci ilin əvvəlində “Kamp Nou”ya qayıdacağıq”
Laporta “Barselona”nın 2022-ci ilin payızında yenidənqurmaya bağlanmış ev stadionu “Kamp Nou”ya qayıdış vaxtı haqda da məlumat verib:
“Mən inşaat şirkətinin seçimindən və işin nəbzindən razıyam. Daha da sürətli irəliləyiş istərdim, amma bu, mümkün deyil. Heç bir maneə olmasa, 2025-ci ilin əvvəlində “Kamp Nou”ya qayıdacağıq. Bu, hazırda Avropada aparılan ən mühüm işdir. Bizim, dünyanın ən yaxşı, Avropanın ən geniş, 105 min tamaşaçı tuta biləcək stadionumuz olacaq”, deyə Laporta fərəhlə bildirib.
Joan Laporta “Barselona”nın transfer siyasətinə dair isə bunları söyləyib:
“Biz satış aparmağı bacarırıq. Kimsə futbolçularımızı almaq istəyirsə, yaxşı da təklif verməlidir. Amma biz istəyirik ki, “Barselona”da oynayanlar kluba və bir-birlərinə hörmət etsinlər. Kluba, Lamin Yamalı 250 milyon avro məbləğ müqabilində satmaq təklifi ilə müraciət etdilər, mən isə dedim: “Xeyr!”
Sonda Joan Laporta onun fəaliyyətini tənqid edən müxalifətə münasibətini açıqlayıb:
“Mən bütün dünyanın fikrinə hörmət edirəm. Ancaq əksər barselonalılar xoşbəxtdirlər. Mən bu apokaliptik iddiaların yanlış olduğunu hesab edirəm. Bir çox barselonalılar düşünürlər ki, yaşadığımız o yaxşı vaxtı məhv etməliyik. Onlar mövcud olmayan bir gerçəklik yaradırlar.
Həqiqət isə budur ki, “Barsa” yenidən həyatımızın mərkəzindədir. Bu, bütün Avropanın ən yaxşı klubudur. Müxalifət azarkeşlərin əksəriyyətini qıcıqlandırır və sistemimizi zəiflətməyə çalışır. Biz vahid olmalıyıq. Bunlar isə yalnız tənqid etmək üçün təsis edilmiş dəstələrdir”.
İspaniya La Liqasının 9 turundan sonra alman mütəxəssis Hans-Diter Flikin çalışdırdığı “Barselona” 24 xal toplayıb və yarış cədvəlinə vahid surətdə başçılıq edir.