“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun ötən yay Daniel Olmonu hansı qiymətə satın aldığını açıqlayıb.
Arena.az xəbər verir ki, İspaniya nəhəngi 26 yaşlı ispan hücumameyilli yarımmüdafiəçini Almaniyanın “Leypsiq” klubundan transfer etmişdi.
İspan məmurun bu barədə fikrini təqdim edirik: “Bizim, əvvəllər sərmayələrlə bağlı fəsadlarımız vardı, amma bu vəziyyətlə idman direktorumuz məşğul olurdu. Bizim yeganə alışlarımız Dani Olmo və Pau Viktor idilər. Böyük satınalmalar üçün 50 milyon avro məbləği müzakirə etmişdik, amma Olmo bizə 47 milyon avro məbləğə başa gəldi”, deyə Laporta bildirib.
Joan Laporta 18 yaşlı ispan mərkəz hücumçusu Mark Qiunun “Çelsi”yə mümkün keçidinə də münasibətini açıqlayıb. Kataloniya təmsilçisinin prezidenti bu məsələyə dair sərt çıxışı ilə diqqət çəkib:
“Qulaq asın, “Barselona”dan ayrılmaq istəyən hər bir oyunçu üçün qapılar həmişə açıqdır. “Barsa”ya bərabər başqa yerlər yoxdur və zamanla onlar bunu başa düşəcəklər”.
Qeyd edək ki, Dani Olmonun Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Olmo bu mövsüm “Barselona”nın heyətində 3 oyuna çıxıb, 3 qola imza atıb.
Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 40 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


