“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə razılaşdırdığını bildirib.
Arena.az “La Vanguardia” dərgisinə istinadən Laportannı müvafiq açıqlamasını təqdim edir:
“Biz hələ yanvarda razılaşmışdıq ki, Flik müqaviləsinin müddətini daha bir il müddətinə – 2027-ci ilə qədər müddətə uzadacaq. Biz müvafiq razılaşmanı rəsmən qeydə almamışıq, amma Hansi – sözünün ağasıdır. O, bunu daha əvvəl də sübut edib, “Barselona”nın çalışdıra bilməyəcəyini deyəndə, çünki Almaniya yığması ilə müqavilə imzalamışdı. Amma mən hələ onda düşünmüşdüm ki, bir dəfə o, nə vaxtsa “Barsa”nı çalışdıracaq”, deyə Joan Laporta məmnunluqla vurğulayıb.
Xatırladaq ki, 60 yaşlı “Hansi” Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Çalışdırdığı müddətdə Hansi Flik “Barselona”nı 59 oyuna çıxarıb, 43 qələbə, 7 heç-heç, 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 171:72 nisbətindədir.
Kataloniya təmsilçisi cari mövsümdə Flikin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalınız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” “Barselona”nın “aşının suyunu verib” (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).


