Joao Feliks Lionel Messinin rekordunu təkrarladı

La Liqanın 29-cu turunda Madrid “Atletiko”suna qarşı oyun “Barselona”nın “döşəkçilər”dən icarəyə aldığı Joao Feliks üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, portuqal hücumçu “Barselona”nın 3:0 hesablı səfər qələbəsinə vurduğu qolla töhfəsini verib.

Beləliklə Joao Feliks La Liqanın bir mövsümü ərzində “Atletiko” ilə hər iki oyunda qol vurmaqla, “blauqrana”nın sabiq hücumçusu, argentinalı ulduz Lionel Messinin nailiyyətini təkrarlayıb.

Xatırldaq ki, Premyer Liqanın cari mövsümünün ilk dövrəsində keçirilmiş oyunda Feliks “Barselona”nın yeganə qoluna imza atmaqla, “blauqrana”nın “döşəkçilər” üzərində qələbəsini təmin etmişdi.

Lionel Messi 2019/2020 mövsümündə ilk dövrənin Madriddə keçirilmiş oyununda “Barselona”nın qələbə qolunu vurmuşdu – 1:0. İkinci dövrədə isə argentinalı hücumçu Kataloniyanın paytaxtında keçirilmiş oyunda (2:2) penaltini dəqiq yerinə yetirmişdi.

Xatırladaq ki, Joao Feliks 2023/2024 mövsümünün sonuna qədər kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Cari mövsümdə Feliks “Barselona”nın heyətində uğurla çıxış edir. Portuqal hücumçu bütün yarışlarda “blauqrana” ilə 34 oyun keçirib, 9 qol və 5 məhsuldar ötürmə verib.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 36 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. O, yığma komanda ilə UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vinger Joao Feliksin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Feliks “Atletiko”nun futbolçusu olmasına rəğmən, “Barselona”ya sevgisini gizlətmir. O, Kataloniya klubuna icarə əsasında qoşulduqdan sonra “döşəkçilər”in azarkeşlərinin nifrət mənbəyinə çevrilib.