Hazırda Almaniyanın “Bayern” klubunda forma geyinən müdafiəçi Joao Kanselo cari mövsümdə iki ölkənin çempionu tituluna sahib olub.
Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu Bundesliqa ilə yanaşı, həm də İngiltərə Premyer Liqasının qızıl medalını qazanıb.
Ötən gün “Bayern” özünün ardıcıl 11-ci çempionluğunu rəsmiləşdirdi. Bu isə sözügedən komandanın heyətində yer alan Kanselonun qəribə rekorda imza atması ilə əlamətdar olub.
Məsələ burasındadır ki, mövsümün birinci hissəsində Kanselo “Mançester Siti”nin heyətində çıxış edib. Xosep Qvardiolanın yetirmələri də bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olublar. “Şəhərlilər”in heyətində Kanselo Premyer Liqanın 17 oyununda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qış transfer pəncərəsinin son günü – 31 yanvarda futbolçu “Bayern”ə icarəyə verilib. Münhenlilərin heyəyində Kanselo 15 oyuna çıxaraq 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Beləcə o, eyni mövsümdə həm Almaniya, həm də İngiltərə çempionu adını qazanıb.
Xatırladaq ki, Joao Kanselo 2019-cu ilin avqust ayında 65 milyon avro qarşılığında İtaliyanın “Yuventus” klubundan “Mançester Siti”yə keçib. O, “şəhərlilər”in heyətində meydana çıxdığı 154 oyunda 9 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. Futbolçu daha öncə “Valensiya”, “Benfika”, “Yuventus” və “İnter”də də forma geyinib. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi əsas millidə də 42 oyun keçirib, 8 qola imza atıb.
Sonda onu da bildirək ki, Kanselonun yayda yenidən “Mançester Siti”yə qayıtması gözlənilir. Bir qədər əvvəl “Bayern”in portuqaliyalı müdafiəçi ilə əməkdaşlıq etmək istəyində olmadığı haqda məlumat yayılmışdı.