Joao Kanselo: “Bütün kumirlərim “Barselona”da oynayıblar”

“Barselona”da icarə əsasında çıxış edən, “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo Kataloniya komandasına münasibətindən danışıb.

Arena.az portuqal futbolçunun bu barədə fikirlərini təqdim edir:

“İnsanlar statistikaya baxırlar. Fikrimcə, “Mançester Siti”də daha yaxşı mövsümlər keçirmişəm, amma o zaman rəqəmlər o qədər də yaxşı deyildi.

Bu, mənim üçün xüsusi vaxtdır, çünki mən “Barsa”danam. Bütün ailəm “Benfika”dandır, amma mən həmişə “Barselona”ya heyran olmuşam. Bütün kumirlərim burada oynayırdılar. Onların gənclərə baxışı xoşuma gəlir, onların oyun mədəniyyəti var ki, bundan məmnunam”, deyə Kanselo vurğulayıb.

Xatırladaq ki, Joao Kanselo 2023-cü ilin sentyabr ayından “Barselona”da oynayır. O, bu mövsüm 32 matç keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Barselona” Kanselonu İngiltərə çempionu “Mançester Siti”dən bu mövsümün sonunadək icarəyə götürüb. Daha öncə Kataloniya təmsilçisinin bu əməkdaşlığı tamhüquqlu əsasda davam etdirmək niyyətində olduğu açıqlanmışdı. İspaniya klubu portuqal müdafiəçinin tamhüquqlu transferi müqabilində “Mançester Siti”yə təxminən 25 milyon avro ödəməyə hazırdır.

Vurğulanır ki, İspaniya çempionu mövsümün sonunu gözləmədən “Mançester Siti” ilə tez bir zamanda razılığa gəlmək niyyətindədir. Hazırda danışıqlarda əsas fəsad klublar arasında futbolçunun qiymətinin dəyərləndirilməsindəki kəskin uyğunsuzluqdur. “Şəhərlilər” müdafiəçinin satışından ən azı 50 milyon avro qazanmaq niyyətindədirlər ki, bu məbləğ “Barsa”nın təklifini ikiqat üstələyir və çox güman ki, Kataloniya klubunun maddi imkanları xaricindədir.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 50 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib. Müdafiəçi “Barselona” və “Mançester Siti”dən öncə “Valensiya”, “Benfika”, “Yuventus”, “İnter” və “Bayern” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Joao Kanselonu 30 milyon avro məbləğində qiymətləndirir.