Joao Mario “İnter”dən ayrıldı

İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Joao Mario ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 28 yaşlı futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğu diqqətə çatdırılıb.

Joao Mario 2016-cı ildən “İnter”də oynayırdı. Lakin o, son mövsümləri icarə əsasında İngiltərənin “Vest Hem”, Rusiyanın “Lokomotiv” (Moskva) və Portuqaliyanın “Sportinq” klublarında keçirib. Portuqaliyalı futbolçu Milan təmsilçisində keçirdiyi 69 oyunda 4 qolla yadda qalıb. “Sportinq”in yetirməsi olan yarımmüdafiəçi, “İnter”ə transfer olunana qədər “Vitoriya Setubal”da da icarədə oynayıb.

Portuqaliya yığmasında da oynamış futbolçunun yaxın günlərdə “Benfika”ya transfer olunması gözlənilir. Onun yeni klubu ilə 5 illik müqavilə bağlaması gözlənilir. Futbolçu bu komandada ilinə 2 milyon avro qazanacaq.

Yarımmüdafiəçi Portuqaliya yığmasında keçirdiyi 45 oyunda 2 qol vurub.