İngiltərənin “Vulverhempton” klubu hücumçusu Dieqo Kosta və yarımmüdafiəçisi Joao Moutinyo ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Onların hər ikisinin klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Premyer Liqa təmsilçisinin idman direktoru Mett Hobbs adıçəkilən futbolçularla müqavilələrin yenilənmədiyini bildirib.
Joao Moutinyo 2018-ci ilin iyul ayında “Monako”dan 5,6 milyon avro qarşılığında “Vulverhempton”a gəlmişdi. 36 yaşlı futbolçu “canavarlar”ın heyətində 212 oyuna çıxıb, 5 qol vurub və 25 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Sportinq”, “Monako” və “Portu” kimi klublarda çıxış edib, Portuqaliya millisində isə 146 oyuna 7 qol vurub.
Dieqo Kosta isə “Vulverhempton”a 2022-ci ilin sentyabrında azad agent kimi qoşulmuşdu. 34 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 25 oyunda cəmi 1 qol vurub. Braziliya əsilli ispaniyalı futbolçu karyerası ərzində “Braqa”, “Penafiel”, “Atletiko” (Madrid), “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano”, “Çelsi”, “Atlletiko” (Mineyro) kimi klublarda da forma geyinib. O, Braziliya millisinin heyətində 2 matça çıxıb. Sonradan idman vətəndaşlığını dəyişən forvard İspaniya yığmasında 24 oyun keçirib, 10 qol vurub.
Yeri gəlmişkən, “Vulverhempton”un hücumçusu Adama Traorenin də klubla müqaviləsinin müddəti başa çatıb. Amma onun komandada qalıb-qalmayacağı hələlik sual altındadır. Klubun idman direktoru Mett Hobbs bu haqda açıqlama verərək, onunla yeni sözləşmənin imzalana biləcəyini diqqətə çatdırıb:
“Baş məşqçi Xulen Lopeteqinin bu yaxınlarda keçirilən mətbuat konfranslarının birində dediyi kimi, Traore heyətdə saxlamaq istədiyimiz oyunçudur. Onunla danışıq aparırıq. Adamanın hazırkı müqaviləsi sona çatıb. Lakin bu, onunla yola davam etmək üçün bizə əngəl törətməyəcək”.
Traore 2022-ci ilin yayında “Barselona”dan ayrılaraq “Vulverhempton”la 1 mövsümlük müqavilə bağlamışdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 40 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Əvvəllər də bu komandada oynamış 27 yaşlı ispan vinger bütövlükdə 194 oyunda 14 qol və 20 assistlə yadda qalıb. Traore “Midlsbro”, “Barselona” və “Aston Villa”da da oynayıb, İspaniya millisində 8 matça çıxıb.