Joao Palinya: “Bayern”ə keçməklə arzuma çatdım, amma…”

Bu yay Almaniya nəhəngi “Bayern”ə keçmiş portuqal yarımmüdafiəçi Joao Palinya Münhen klubuna transferini şərh edib.

Arena.az 29 yaşlı futbolçunun bu barədə fikrini təqdim edir:

“Bayern” kimi böyük bir klubu təmsil edəndə bu, ən yüksək səviyyəyə çatdığını göstərir. Arzuma çatdım, amma bilirəm ki, burada uğur qazananda özümü tam gerçəkləşmiş hiss edəcəyəm”.

Palinya ötən mövsüm “Fulhem”dən Münhen klubuna uğursuz keçidi ilə bağlı xatirəsini də paylaşıb:

“Keçidlə bağlı uğursuzluqdan sonra mövsüm? Çətin vaxt idi, amma “Fulhem”də oynamağa davam etməli olduğumu bilirdim. Təbii ki, ilk həftələr mənim üçün çətin keçdi. Baş məşqçi ilə danışdım və o, yüksək səviyyəmə qayıtmağıma kömək etdi”.

Joao Palinya Almaniya Bundesliqasından gözləntilərini paylaşıb:

“Mən böyük bir sınağın intizarındayam. Bilirəm ki, bu, çox keyfiyyətli oyunçuların olduğu çətin bir liqadır. Bu, fiziki cəhətdən güclü liqadır. Burada oynayan komanda yoldaşlarım, yaşlı komanda yoldaşlarım vardı və onlar mənə deyirdilər ki, bu çempionatda oynamaq asan deyil. Burada asan deyil, amma mən “Bayern”də oynamağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Portuqaliya millisinin də üzvü olan Palinya “Bayern”ə 2024-cü ilin iyul ayında İngiltərənin “Fulhem” klubundan keçib. Münhen klubu bu transfer üçün “Fulhem”ə 51 milyon avro ödəyib. 29 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Palinya Almaniya Bundesliqasının 2024/2025 mövsümünün ilk turunda “Bayern”in heyətində rəsmi debüt matçına da çıxıb.

Joao Palinya Lissabon “Sportinq”inin yetirməsidir. O, vaxtilə icarə əsasında ölkəsinin “Moreyrense”, “Belenenseş” və “Braqa” klublarında da forma geyinib.

Palinya “Fulhem”ə 2022-ci ilin iyul ayında “Sportinq”dən 22 milyon avro qarşılığında keçmişdi. Futbolçu İngiltərə klubunun heyətində 79 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında da oynamış Joao, 2021-ci ilin mart ayında debüt etdiyi əsas millidə indiyə qədər 31 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 1 assist edib.