Joao Palinya “Bayern”də – 51 milyonluq transfer

Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin “Fulhem” klubununun dayaq yarımmüdafiəçisi Joao Palinya “Bayern”ə keçib.

Arena.az xəbər verir ki, Almaniya nəhəngi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Münhen klubu bu transfer üçün “Fulhem”ə 51 milyon avro ödəyib. 29 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Xatırladaq ki, Joao Palinya Lissabon “Sportinq”inin yetirməsidir. O, vaxtilə icarə əsasında ölkəsinin “Moreyrense”, “Belenenseş” və “Braqa” klublarında da forma geyinib.

Palinya “Fulhem”ə 2022-ci ilin iyul ayında “Sportinq”dən 22 milyon avro qarşılığında keçmişdi. Futbolçu İngiltərə klubunun heyətində 79 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında da oynamış Joao, 2021-ci ilin mart ayında debüt etdiyi əsas millidə indiyə qədər 31 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 1 assist edib.