Madrid “Atletiko”sunun afrikalı dayaq yarımmüdafiəçisi Joffre Kondoqbya Marsel “Olimpik”inə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Fransa klubu bu transfer üçün La Liqa təmsilçisinə 8 milyon avro ödəyib. 30 yaşlı futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzlanıb.
Joffre Kondoqbya 2020-ci ilin noyabrında “Valensiya”dan 15 milyon avro qarşılığında “Atletiko”ya keçmişdi. O, İspaniya klubunun forması ilə meydana çıxdığı 93 oyunda 1 qol və 4 assist müəllifi də olub. Yarımmüdafiəçi daha öncə “Lans”, “Sevilya”, “Monako”, “İnter” və “Valensiya” kimi klubların da formasını geyinib. Fransada dünyaya göz açmış, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış, hətta əsas millidə 5 oyun keçirmiş Kondoqbya, 2018-ci ildən Mərkəzi Afrika Respublikasının yığmasında forma geyinir. O, bu komandada 10 oyuna 1 qol da vurub.
Madrid “Atletiko”su sağ cinah müdafiəçisi Mett Doherti ilə də yollarını ayırıb. İrlandiyadan olan 31 yaşlı futbolçunun müddəti iyunun 30-na qədər olan müqaviləsi yenilənməyib. Təcrübəli oyunçu hazırda azad agent kimi özünə yeni klub axtarır.
Mett Doherti bu ilin yanvarında azad agent kimi “Atletiko” ilə yarım mövsümlük müqavilə bağlamışdı. O, bu komandada cəmi 2 oyuna çıxıb. Təcrübəli oyunçu əvvəllər “Vulverhempton”, “Tottenhem”, “Beri”, “Hibernian” kimi klublarda da forma geyinib. Doherti İrlandiya yığmasında 36 oyun keçirib, 1 qol vurub.
“Atletiko” gənc yarımmüdafiəçisi Xavi Serranonu da Avstriyanın “Şturm Qraz” klubuna icarəyə verib. 20 yaşlı futbolçu 2023/2024 mövsümünün sonuna kimi icarədə oynayacaq. O, paytaxt klubunun əsas komandasında indiyə qədər 7 oyuna çıxıb. “Atletiko”nun öz yetirməsi olan yarımmüdafiəçi daha öncə “Mirandes” və “İbitsa”da da icarədə olub.
Kolaşinaç azad agent oldu, Haritin transfer hüquqları alındı
Yeri gəlmişkən, Marsel “Olimpik”i də sol cinah müdafiəçisi Sead Kolaşinaçla yollarını ayırıb. Bosniya və Hereeqovinadan olan 30 yaşlı futbolçu azad agent kimi Liqa 1 təmsilçisini tərk edib. O, 2022-ci ilin yanvarında “Arsenal”dan “Olimpik”ə keçmişdi. Müdafiəçi Fransa klubunda 58 oyun keçirib, 4 qol və 2 assistlə yadda qalıb. O, daha öncə “Arsenal” və “Şalke”də də oynayıb. Kolaşinaç Bosniya və Herseqovina yığmasında 53 oyun keçirib.
Marsel “Olimpik”i 2021-ci ilin avqustunda Almaniyanın “Şalke” klubundan icarəyə götürdüyü mərakeşli yarımmüdafiəçi Amin Haritin də transfer hüquqlarını alıb. Onun keçidi Fransa klubuna 5 milyon avroya başa gəlib.
26 yaşlı futbolçu Fransa klubu ilə 4 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində meydana çıxdığı 50 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib. Harit daha öncə “Şalke” ilə yanaşı, “Nant”ın da formasını geyinib. Yarımmüdafiəçi Mərakeş yığmasında da 16 oyun keçirib.