Jonatan Klauss Marsel “Olimpik”ini “Nitsa”ya dəyişdi

Fransanın “Olimpik” (Marsel) klubunun sağ cinah müdafiəçisi Jonatan Klauss bundan sonra “Nitsa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Nitsa”nın rəsmi saytı məlumat yayıb.

Sözügedən klub 5 milyon avro ödəməklə 31 fransalı futbolçunu birdəfəlik heyətinə qatıb. Onunla 2+1 illik müqavilə imzalanıb.

Jonatan Klauss “Strasburq”un yetirməsidir. “Links”, “Raon Letap”, “Avranş”, “Keviyi Ruan”, “Arminiya” (Bilefeld), “Lans” kimi klublarda da forma geyinmiş müdafiəçi “Olimpik”ə 2022-ci ilin iyul ayında 7,5 milyon avro qarşılığında keçmişdi. O, Marsel klubunun heyətində 85 oyuna çıxıb, 7 qol və 24 assistlə yadda qalıb.

Jonatan Klauss 2022-ci ilin mart ayında debüt etdiyi Fransa millisində də 13 oyuna çıxıb. Müdafiəçi bu oyunlarda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Marsel “Olimpik”inin Amerika Birləşmiş Ştatlarından olan sol vingeri Konrad de la Fuente də “Lozanna Sport”a keçib. İsveçrə klubunun bu transfer müqabilində Fransa təmsilçisinə nə qədər təzminat ödədiyi açıqlanmır. 23 yaşlı vinger yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Konrad de la Fuente İspaniya nəhəngi “Barselona”nın futbol akademiyasından çıxıb. 2021-ci ildə Marsel “Olimpik”i 3 milyon avro müqabilində onu öz heyətinə qatıb. Gənc vinger Liqa 1 nəhənginin heyətində 23 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. O, “Eybar” və “Olimpiakos”da icarədə də oynayıb.

Amerika Birləşmiş Ştatlarının U-16, U-18 və U-20 yığmalarında da oynamış Konrad de la Fuente, 2020-ci ildə əsas millidə debüt edib. O, ABŞ yığmasında 3 matça çıxsa da, fərqlənə bilməyib.