Jordi Alba MLS-in pley-off mərhələsinin tərtibatını tənqid etdi

Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” klubunun ispan müdafiəçisi Jordi Alba MLS-in mövcud yarış tərtibatını tənqid edib.

Arena.az təcrübəli futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu, çoxdankı ənənədir, mən hər şeyi başa düşürəm. Amma məndən asılı olsaydı, əmin olardım ki, bir konfransın çempionu digərinin çempionu ilə oynasın”, deyə Alba bildirib.

Xatırladaq ki, “İnter Mayami” MLS Kubokunun ələmə mərhələsinin 1/8 finalında “Atlanta Yunayted”ə məğlub olaraq, yarışda mübarizəsinə xitam verib. İlk oyunda evdə 2:1 hesabı ilə qələbə qazanmış “İnter Mayami” səfərdəki cavab oyununda sonuncu dəqiqədə buraxılmış qolla eyni hesabla məğlub olaraq, cütün taleyini üçüncü oyuna buraxıb. Həlledici oyunda isə qələbəni 3:2 hesabı ilə “Atlanta Yunayted” bayram edib.

Jordi Alba 2023-cü ilin iyul ayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. İspan futbolçu amerikan klubuna “Barselona”dan azad agent qismində qoşulub. Onun “İnter Mayami” ilə müddəti bu ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

İspaniyalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 5 qol vurub və 15 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 51 oyun, 7 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Albanın klub karyerasının ən parlaq dövrü “Barselona”da çıxışı ilə əlamətdardır. Kataloniya nəhəngi ilə Jordi Alba bütün mümkün klub turnirlərinin dəfələrlə qalibi olub: 6 dəfə İspaniya çempionatını, 5 dəfə İspaniya Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb. O, “Barselona”da 459 oyun keçirib, 27 qol və 99 assist müəllifi olub.

Alba vaxtilə “Valensiya” və “Ximnastik”in də formasını geyinib.

35 yaşlı Alba 2011-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində təxminən 12 il forma geyinib. O, bu müddətdə yığmada 93 oyun keçirib, 10 qol vurub, 22 məhsuldar ötürmə verib. Alba İspaniya yığması ilə Avropa çempionatını (2012), UEFA Millətlər Liqasını (2023) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: