Joslen Qurvennek göndərildi, Antuan Kombuare qayıtdı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nant” komandasının baş məşqçisi Joslen Qurvennek istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

51 yaşlı fransız mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Joslen Qurvennek 2023-cü ilin noyabr ayından “Nant”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 15 oyuna çıxarıb. “Nant” bu görüşlərdə cəmi 4 qələbə qazanıb, 1 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Qurvennek daha öncə “Genqam”, “Bordo” və “Lill” kimi komandaları da çalışdırıb.

Artıq “Nant”ın yeni baş məşqçisi də məlumdur. Liqa 1 təmsilçisi sabiq baş məşqçisi Antuan Kombuareni geri qaytarıb. 60 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Antuan Kombuare 2021-ci ilin fevral ayından 2023-cü ilin may ayına kimi “Nant”a rəhbərlik edib. O, bu komandanı 2021/2022 mövsümündə Fransa kubokunun qalibi edib, 2022/2023 mövsümündə isə gümüş medallar qazandırıb.

Kombuare “Nant”ı bütövlükdə 109 oyuna çıxarıb. Komanda bu matçlarda 42 qələbə qazanıb, 28 heç-heçə edib və 39 məğlubiyyətə üzülüb.

Fransalı mütəxəssi daha öncə “Tuluza”, “Dijon”, “Genqam”, “Lans”, “Əl-Hilal”, PSJ, “Valensyen” və “Strasburq”a da rəhbərlik edib.

“Nant” bu mövsüm Liqa 1-də 26 oyun keçirib, bu görüşlərdə cəmi 7 qələbə qazanıb, 4 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. Son üç turda ardıcıl məğlubiyyətlərə üzülən komanda hazırda 25 xalla 17-ci pillədə qərarlaşıb və elitanı tərk etməyə əsas namizədlərdən biridir.