Jota Silva “Nottingem Forest”də – 7 milyonluq transfer

Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubunun sol vingeri Jota Silva bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün Portuqaliya klubuna 7 milyon avro ödəyib. 25 yaşlı portuqaliyalı vinger yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Jota Silva peşəkar karyerasına “Susens”də başlayıb. “Pasuş de Ferreyra”, “Espinyo”, “Leyşoyş”, “Kasa Pia” kimi klublarda da oynamış futbolçu 2022-ci ildən “Vitoriya”da çıxış edirdi. Yarımmüdafiəçi bu komandanın heyətində 83 oyuna 20 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Bu il Portuqaliya yığmasında da debüt etmiş Jota, əsas millidə 2 oyuna çıxıb, fərqlənə bilməyib.

“Nottingem Forest”in mərkəz yarımmüdafiəçisi Lyuis O’Brayen də Amerika Birləşmiş Ştatlarının “Los Anceles” klubuna keçib. MLS təmsilçisi 25 yaşlı ingilis futbolçunu satınalma şərti ilə bu ilin dekabr ayının 31-nə kimi icarəyə götürüb. Onun “Nottingem Forest”lə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.

Lyuis O’Brayen “Haddersfild”in yetirməsidir. “Bredford”da da oynamış futbolçu “Nottingem Forest”ə 2022-ci ilin iyul ayında 9,4 milyon avroya keçib. Amma o, bu klubun heyətində cəmi 17 oyuna çıxıb, 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2023-cü ildə MLS-in digər təmsilçisi “DS Yunayted”də də icarədə olub. Ötən mövsümü isə o, “Midlsbro”da icarədə keçirib.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.