Joze Alesio: “Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstana qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, braziliyalı təcrübəli mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında Slovakiyaya qarşı keçirdikləri son oyundan da söz açıb:

“Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq. Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əleyhimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi.

Yunanıstanla oyundan öncə də problemimiz var. Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadi Ahmadinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar verəcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar”.

Joze Alesio qrupdakı sonuncu oyundan müsbət nəticə ilə ayrılacaqlarına inamını ifadə edib: “Uşaqlarla söhbətimiz olub. Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik”.

Qeyd edək ki, futzal üzrə Azərbaycan milli komandası buna qədər keçirdiyi 5 oyundan dördündə qələbə qazanıbsa, yalnız Slovakiya ilə sonuncu səfər matçından heç-heçə ilə ayrılıb.