Joze Mourinyo avrokubokların tarixinə düşdü

Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan “Roma”nın baş məşqçisi Joze Mourinyo tarixə düşüb. Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu uğuru ilə iki yeni rekord müəyyənləşdirib.

Belə ki, Mourinyo 3 avrokubok turnirində finala çıxan ilk məşqçiyə çevrilib. Bundan əvvəl onun çalışdırdığı komandalar Çempionlar Liqası və Avropa Liqasının finalında oynamışdılar. “Roma”da ilk mövsümünü keçirən təcrübəli mütəxəssis, bu mövsümdən keçirilməyə başlayan Konfrans Liqasında da həlledici oyunda iştirak hüququ qazanıb.

Bundan başqa, Joze Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, “Portu” və “İnter”lə UEFA Çempionlar Liqasının, “Mançester Yunayted”lə isə Avropa Liqasının finalında iştirak edib. İndiyə qədər beş avrokubok finalında qalib gələn portuqaliyalı mütəxəssis, “Feyenoord” üzərindəki qələbə ilə altıncı titulunu qazana bilər.

Xatırladaq ki, “Roma” yarımfinalda “Lester Siti”ni mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib. “Canavarlar” həlledici oyunda Niderland “Feyenoord”u ilə qarşılaşacaqlar.

42, 31, 20 və 14 il sonra final görəcəklər

“Roma” ilə bağlı daha maraqlı məqamı qeyd etmək yerinə düşər. İtaliya klubu 31 illik fasilədən sonra final həyəcanı yaşayacaq. “Canavarlar” son olaraq 1991-ci ildə UEFA Kubokunun finalında İtaliyanın digər təmsilçisi “İnter”lə qarşılaşmış və həmin oyundan məğlub ayrılmışdı.

Elə “Roma”nın rəqibi “Feyenoord” da 20 illik həsrətə son qoyub. Niderland klubu sonuncu dəfə 2002-ci ildə UEFA Kubokunun finalında Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşıb və çempion olub.

Avropa Liqasında finala yüksələn komandalar da uzun müddətdən sonra avrokubokların finalına vəsiqə qazanıblar. Belə ki, “Ayntraxt” 42 il sonra qitə miqyaslı turnirin finalında oynamaq hüququ qazanıb. Almaniya klubu sonuncu dəfə 1979/80 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqası) finalında oynayıb. Həmin matçda Almaniyanın digər təmsilçisi – Mönxenqladbax “Borussiya”sını məğlub edən bu komanda çempion olub.

Almaniya klubunun finaldakı rəqibi olacaq “Reyncers” isə 14 il sonra yenidən final oynayacaq. Britaniyalılar da 2008-ci ildə UEFA Kubokunun finalında Rusiyanın “Zenit” komandası ilə dueldən məğlub ayrılıb.

Sonda bir daha xatırladaq ki, “Reyncers” mayın 18-də finalda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə, “Roma” isə mayın 25-də Niderland “Feyenoord”u ilə ilə üz-üzə gələcək.