İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo tarixi ilkə imza atıb. Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna Avropa Konfrans Liqasının ötən gecə baş tutan finalında Niderland “Feyennord”una 1:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
Belə ki, o, hazırda Avropada keçirilən bütün klub turnirlərinin – UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olmuş ilk məşqçi kimi tarixə düşüb.
Mourinyo daha öncə iki dəfə Çempionlar Liqasının qalibi olub. “Portu” (2003/04) və “İnter”lə (2009/10) qitənin ən nüfuzlu klub turnirində qələbə sevinci yaşayan 59 yaşlı mütəxəssis, Avropa Liqasında da iki dəfə qalib olub. O, ilk dəfə “Portu”nun “sükanı arxası”nda olarkən – 2002/03 mövsümündə bunu bacarıb. Həmin dövrdə sözügedən turnir hələ UEFA Kuboku adlanırdı. Sonuncu dəfə isə o, “Mançester Yunyated”in baş məşqçisi postunda Avropa Liqasının (2016/17) kubokunu başı üzərinə qaldırmışdı.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. Elə Avropa Konfrans Liqası da məhz 2021-ci ildən keçirilməyə başlayıb və portuqaliyalı mütəxəssis komandası ilə bu turnirin ilk qalibi olub.
Mourinyo “Roma”dan öncə “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Unian de Leyriya” və “Benfika”ya da rəhbərlik edib. O, 22 illik məşqçilik karyerası ərzində bütövlükdə 28 kubok qazanıb.
Mourinyonun kubok kolleksiyası
UEFA Çempionlar Liqası (2)
Avropa Liqası (2)
Avropa Konfrans Liqası (1)
İngiltərə Premyer Liqası (3)
İspaniya La Liqası (1)
İngiltərə Federasiya Kuboku (4)
İngiltərə Liqa Kuboku (2)
İspaniya Kuboku (1)
İngiltərə Kuboku (1)
İspaniya Super Kuboku (1)
İtaliya A Seriyası (2)
İtaliya Kuboku (1)
İtaliya Super Kuboku (1)
Portuqaliya Premyer Liqası (2)
Portuqaliya Kuboku (2)
Portuqaliya Super Kuboku (2)


