“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya”ya məğlubiyyətdən sonra gələcəyi ilə bağlı sualı cavablandırıb.
Arena.az məşhur italyan insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən Mourinyonun sözlərini diqqətinizə çatdırır:
“Mənim gələcəyim? Bazar ertəsi mən məzuniyyətə gedəcəyəm. Biz ünsiyyət saxlayacağıq. Mən klub rəhbərlərinə başqa klubla danışıqlara başlayacağım halda onları xəbərdar edəcəyimi demişəm. Portuqaliya yığması dekabrda məni yeni işə çağıranda da “Roma”ya demişdim… hazırda heç bir klub mənə zəng etməyib”.
Xatırladaq ki, Joze Mourinyo 2021-ci ilin yayından “Roma”nın sükanı arxasındadır. Portuqaliyalı mütəxəssis ötən mövsümdə komandasına Avropa Konfrans Liqasını qazandırıb.
Xatırladaq ki, Mourinyonun rəhbərlik etdiyi “Roma” Avropa Liqasının finalında “Sevilya”ya penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olaraq (əsas və əlavə vaxt: 1:1) “gümüş”lə kifayətlənib.
“Sevilya” isə yeddiqat çempionluğunu rəsmiləşdirib (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023). “Sevilya” bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.
Bu məğlubiyyətlə Mourinyonun avrokubok finallarındakı ardıcıl beş qələbədən ibarət rekordu qırılıb.