Joze Mourinyo: “Bu, mənim üçün böyük məsuliyyətdir”

“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyu İstanbul klubunun sükanı arxasına təyinatından sonra duyğularını paylaşıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sevginiz üçün sizə təşəkkür etmək istəyirəm. Bunu, adım “Fənərbaxça” ilə hallanmağa başladığı andan hiss etdim. Adətən məşqçilər qələbələrdən sonra sevilir, amma bu halda mən qələbələrdən əvvəl sevgi hiss edirəm. Bu, mənim üçün böyük məsuliyyətdir. Sizə söz verə bilərəm ki, bundan sonra mən sizin ailənizin bir hissəsi olacağam. Bu köynək mənim dərimdir. Futbol – ehtirasdır və bu ehtirası hiss etmək üçün daha yaxşı yer yoxdur”, deyə “Mour” bildirib.

Xatırladaq ki, iyunun 2-də “Fənərbaxça” komandanın baş məşqçi vəzifəsinə Joze Mourinyonun təyinatını açıqlayıb.

Joze Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.