“Roma”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatından adı çəkilməyən komandaya rəhbərlik etmək təklifi alıb.
Arena.az xəbər verir ki, bu barədə italyan jurnalist-insayder Nikolo Skira məlumat yayıb.
Ərəb klubunun adı çəkilməsə də, müqavilənin maddi qarşılığı haqda məlumat verilməsə də, ərəblərin Moura çox sərfəli təkliflə müraciət etdiyi bildirilir.
Mourinyo isə şirnikləndirici şərtlərə rəğmən, hələ də Romada qalmaq niyyətindədir.
Xatırladaq ki, Joze Mourinyo 2021/2022 mövsümündən “Roma”nı çalışdırır. Ötən mövsümdə Mour “canavarlar”a Avropa Konfrans Liqasını qazandırıb. Geridə qalmış sonuncu mövsümdə isə komandasını Avropa Liqasının finalına daşıyıb və burada daha güclü “Sevilya”ya layiqli müqavimət göstərərək yalnız penaltilər seriyasında məğlub olub – 1:4 (əsas və əlavə vaxt: 1:1).
Final oyunundan sonra oyunun baş hakimi Entoni Teylorla sözləri çəp gələn Mour onu “ispan” adlandırıb, referini təhqir edərək ona “lənətəgəlmiş biabırçı” deyib və ağzını mumlayıb səsini kəsməsini “tövsiyə edib”. Belə davranış müqabilində isə UEFA-nın İntizam komitəsi portuqal mütəxəssis barəsində müvafiq araşdırmalara başlayıb.