“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında iştirak şanslarının azalmasına münasibət bildirib. Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ÇL şanslarının nəzəri ehtimala çevrilməsi ilə bağlı fikrini özünəməxsus üslubda ifadə edib.
Joze Mourinyo komandasının Çempionlar Liqasına vəsiqə qazanması üçün “möcüzədən daha artığına” ehtiyac olduğunu dilə gətirib.
Xatırladaq ki, A Seriyasının 36-cı turunda “Salernitana”nı qəbul etmiş “Roma” heç-heçə oynamaqla (2:2) xallarının sayının 60-a çatdırıb. Paytaxt təmsilçisi hazırda dördüncü pillədə qərarlaşmış “Milan”dan dörd xal geridə – 6-cı sırada yer alıb. Beşinci sırada 61 xalla “Atalanta” iddiasını sürdürür. Bu, “Roma”nın Çempionlar Liqasında iştirak şanslarının artıq öz əlində olmadığını yəqinləşdirib.
Öz növbəsində klubun icraçı direktoru Tyaqo Pinto isə hələ də nikbindir və “Roma”nın A Seriyasının ilk dördlüyündə yer almasını mövsümün məqsədi kimi vurğulayıb. “Mour” bununla artıq qətiyyətlə razılaşmadığını və komandasının bu şanslarını “İsa Məsihin Romaya buyurub stadionda gəzintiyə çıxması” ilə müqayisə edib.
“Roma”nın A Seriyasındakı işləri qaydasında getməsə də, komanda Avropa Liqasında finala vəsiqə qazanıb. “Canavarlar”ı qitənin ikinci dərəcəli turnirində İspaniyanın “Sevilya” komandası ilə qarşılaşma gözləyir.
Avropa Liqasında final oyunu mayın 31-də keçiriləcək. Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
“Roma” “Sevilya”ya qalib gələrək Avropa Liqasının qalibi olsa, A Seriyasında neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanacaq.