Joze Mourinyo: “Kişi olanda, əmanətimi qaytararsınız”

“Roma”nın sabiq baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo keçmiş futbolçularının simasında “canavarlar”a çağırış ünvanlayıb.

Arena.az xatırladır ki, “Mour” klubu tərk edərkən, Konfrans Liqasının qalibi üzüyünü özü ilə ararmayıb.

O, üzüyü paltardəyişmə otağına komandanın kapitanı Lorenso Pelleqrininin dolabına qoymuşdu.

“Goal” dərgisinin məlumatına əsasən, portuqal mütəxəssis üzüyün yanında, özünün Konfrans Liqasının kuboku ilə təsvir edilmiş fotoşəkili üzərində “Roma” futbolçularına müraciətlə yazıb: “Kişi olanda bunu mənə qaytararsınız”.

Daha əvvəl məlumat verilmişdi ki, Mourinyo sevə-sevə çalışdırdığı kollektivin ona xəyanət etdiyini hesab edir.

Xatırladaq ki, yanvarın 16-da Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb.

“Mour”un yerinə klubun əfsanəsi, italyan mütəxəssis Daniele De Rossi “canavarlar”a baş məşqçi təyin edilib. Maraqlıdır ki, 40 yaşlı mütəxəssisin təyinatından sonra paytaxt təmsilçisi ardıcıl üç oyundan qalib ayrılıb.

Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.

“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.

Mourun “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.

“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: