“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Kalyari” ilə oyundan sonra rəqibin çalışdırıcısı Klaudio Ranyeri haqda səmimi danışıb.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, “Mour” 8-ci tur çərçivəsində Ranyerinin çalışdırdığı “Kalyari” üzərində 4:1 hesablı qələbədən sonra rəqib məşqçinin ünvanına xoş sözlər deyib.
Portuqal mütəxəssis 2015/2016 mövsümündə İngiltərə Premyer Liqasında Ranyerinin “Lester”in sükanı arxasında Premyer Liqa çempionluğunu qazanmasına heyran olduğunu dilə gətirib:
“O, centlmendir. Ranyeri Premyer Liqa tarixində ən böyük çevrilişi həyata keçirdi. İnsanlar dəfələrlə titul qazananlardan danışırlar – amma Klaudio bunu tamamilə məxsusi şəkildə etdi.
Gənc olanda və mübarizənin qızğın vaxtında səni bir neçə ildən sonra sevindirməyəcək əməllər edə bilərsən. Zaman keçdikcə Klaudio ilə bir-birimizi daha yaxşı tanıdıq. Ranyeri futbol dünyasında həqiqətən hörmət etdiyim kəslərdən biridir. Mən ona heyranam və onu futbol dünyasında yaxşı dost hesab edirəm”, deyə Joze Mourinyo fərəhlə bildirib.
Xatırladaq ki, 2015/2016 mövsümndə Klaudio Ranyerinin çalışdırdığı “Lester Siti” gözlənilmədən İngiltərə nəhənglərini üstələyərək, Premyer Liqanın qalibi olmuşdu. 81 xal toplamış “tülkü”lər ən yaxın izləyicisi “Arsenal”ı 10 xal geridə qoymuşdular. Ranyerinin yetirmələri 23 oyunda qələbə qazanmış, 12 oyunda heç-heçə etmiş, cəmi 3 oyunda məğlub olmuşdular. “Tülkülər” 68 qol vurub, 36 qol buraxmışdılar.