Joze Mourinyo: “Mən xüsusi biri deyiləm…”

“Fənərbaxça”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo üç fərqli avrokubok yarışında qalib gəlməsindən danışıb.

Arena.az məlumat verir ki, tanınmış məşqçi bu barədə “HT Spor” “YouTube” kanalına müsahibəsi zamanı söhbət açıb:

“Heç vaxt xüsusi biri olduğumu düşünməmişən. Heç vaxt. Xüsusi olmaqla (the special one – redaktorun qeydi) xüsusi biri olmaq (a special one – redaktorun qeydi) arasında böyük fərq var. Heç vaxt xüsusi biri olduğumu isə deməmişəm. Bunu heç vaxt deməmişəm. Mən təvazökar insan deyiləm, amma axmaq da deyiləm. Mən heç vaxt özümü xüsusi biri adlandırmamışam. Ancaq belə yalnız bir insan var…”, deyə “Mour” Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası qalibiyyətlərinə görə kubokların döyməsini göstərib.

Müxibirin “Məncə, siz hələ də xüsusisiniz” sualını isə Mourinyo özünəməxsus üslubla cavablayıb:

“Mən karyeramda qalan bütün oyunları da uduza bilərəm, amma nə etmişəmsə, artıq etmişəm”, deyə “Mour” vurğulayıb.

Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.

Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”ya rəhbərlik edirdi. 61 yaşlı mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem” kimi klublarda da baş məşqçi kimi çalışıb, bu komandaların əksəri ilə böyük uğurlara imza atıb.