Joze Mourinyo məşqdə yıxıldı, zədə aldı – Video

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo komandasının məşqi zamanı “fənərli” futbolçulardan birinin ona çarpılması nəticəsində zədələnib.

Arena.az məlumat verir ki, toqquşmadan sonra portuqal mütəxəssis ot örtüyü üzərinə sərilib.

Baş məşqçinin imdadına dərhal futbolçular və tibbi heyət yetişib. Ayağa qalxaraq axsayan məşqçi köməkli surətdə meydandan təxliyə edilib.

Məşqdən sonra portuqal mütəxəssis başına gəlmiş qəziyyəni özünün sosial şəbəkə hesabı üzərindən şərh edib:

“Gənc məşqçilər üçün ibrətlik bir dərs: heç vaxt oyunçularla eyni rəngdə geyinməyin. Onlar sizə ötürmə verə bilərlər… və ya arxadan sizi yerə sərə bilərlər”, – “Mour” paylaşıb.

Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.

Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 16 oyuna çıxarıb, 9 qələbə, 5 heç-heçə, 2 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 32:17 nisbətindədir.

Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”ı çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.