Joze Mourinyo rəsmən “Fənərbaxça”da! – Fotolar

Portuqaliyadan olan tanınmış futbol mütəxəssisi Joze Mourinyo Türkiyənin “Fənərbaxça” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu gün Kadıköy rayonunda yerləşən “Fənərbaxça” stadionunda 61 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil olunub. Müqaviləyə əsasən, Mourinyo qarşıdakı 3 il ərzində Türkiyə nəhəngini çalışdıracaq. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş İsmail Kartalı əvəz edib.

Azarkeşlərə müraciət edən yeni baş məşqçi bunları deyib: “Futbol sizin və bizim üçün bir ehtirasdır. Siz çox böyük bir fanat qrupusunuz. Türkiyə futboluna kömək etmək və Türkiyə Super Liqasını inkişaf etdirmək üçün burada işləmək istəyirəm. Əslində isə önəmli olan “Fənərbaxça”dır”.

Xatırladaq ki, Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.