Joze Mourinyo “Roma”nı tərk edəcək?!

Roma”nın baş məşqçisi, Portuqaliyadan olan məşhur mütəxəssis Joze Mourinyo bu yay İtaliya klubundan ayrıla bilər.

Arena.az nüfuzlu “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, hazırda klub rəhbərliyi ilə mütəxəssisin təmsilçiləri arasında baş məşqçinin gələcəyi barədə dialoq gedir.

Mourinyonun rəsmi qərarı Avropa Liqasının “Roma” ilə “Sevilya” arasında keçiriləcək final oyunundan sonra məlum olacaq.

Xatırladaq ki, Joze Mourinyo 2021-ci ilin iyul ayından “Roma”ya rəhbərlik edir. O, bu komandanı indiyə qədər 108 oyuna çıxarıb. “Sarı-qırmızılar” bu görüşlərdə 54 qələbə qazanıb, 24 heç-heçə edib, 30 məğlubiyyətə üzülüblər. Ötən il Mour “canavarlar”a Avropa Konfrans Liqasını qazandırıb.

60 yaşlı mütəxəssis daha öncə “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Unian de Leyriya” və “Benfika”ya da rəhbərlik edib.

Baş məşqçinin indiki klub ilə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədərdir. Onu istəyən klublar arasında Fransa nəhəngi PSJ-nin adı daha çox hallanır.