“Roma”nın baş məşqçisi Joze Mourinyo bildirib ki, İngiltərənin “Tottenhem” klubu onun sıx əlaqələri olmadığı yeganə sabiq komandasıdır.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis bu xüsusda qısaca danışıb:
“Tottenhem” yeganə klubdur ki, mənim sıx münasibətlərim yoxdur. Ola bilsin ki, bu, pandemiya dövründə stationun boş olması ilə əlaqədardır.
Və ya bu, prezident Levinin mənə finalda oynayıb qəniməti qazanmağa icazə vermədiyi üçündür. Ancaq bu, mənim həyatımda yeganə belə klubdur”.
Xatırladaq ki, Mourinyo 2019-2021-ci illərdə “Tottenhem”i çalışdırıb. “Mour” “mahmızlar”la ciddi uğur qazana bilməsə də, komandanın dirçəlməsində və futbol iddialarını ortaya qoya bilməsində əhəmiyyətli töhfəsini verib.
Joze Mourinyo 2021-ci ilin iyul ayından “Roma”ya rəhbərlik edir. O, bu komandanı indiyə qədər 107 oyuna çıxarıb. “Sarı-qırmızılar” bu görüşlərdə 54 qələbə qazanıb, 24 heç-heçə edib, 29 məğlubiyyətə üzülüblər. 60 yaşlı mütəxəssis daha öncə “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Unian de Leyriya” və “Benfika”ya da rəhbərlik edib.