Julio Romao: “Braqa”ya qalib gələ bilərik”

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Braziliyadan olan dayaq yarımmüdafiəçisi bu gün Portuqaliyada baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi sabah ciddi və çətin mübarizə gözləyir. “Braqa” son oyunda məğlub olsa da, rəqibin gücünü bilirik. Sürətli və topla oynamağı sevən komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa, baxımlı futbol sərgiləməyə çalışacağıq. Komandamızda Portuqaliya təcrübəsi olan oyunçularımız var. Mən də vaxtilə burada oynamışam. Amma baş məşqçimiz şəxsən məndən bu haqda heç nə soruşmayıb. Rəqibin oyunlarını izləmişik. Onların sürətli və hücumameyilli futbol sərgilədiklərini bilirik. Rəqibi tanımaq üçün vaxtımız olub.

“Braqa”nın ən təhlükəli oyunçusu Əl-Musrati idi, o da “Beşiktaş”a getdi. Amma Djalo və Bruma da təhlükəlidirlər. Həm hücumda, həm müdafiədə komandaya kömək edirlər.

Fikrimcə, matçın nəticəsini detallar həll edəcək. Qələbə qazana bilərik. “Braqa” ciddi rəqibdir, amma Avropa Liqası başqa səviyyəli turnirdir”.

Julio Romao qrup mərhələsində qarşılaşdıqları Almaniya “Bayer”i ilə “Braqa”nı müqayisə etmək istəməyib:

“Bayer”in rəqibə təzyiqi möhtəşəmdir. Müqayisə edə bilmərəm. “Braqa” da güclüdür, nüfuzunu, adını saxlamış komandadır. Amma inanmıram ki, “Bayer”lə oyunda yaşadığımız çətinliyi “Braqa” ilə matçda yaşayaq. Həm çempionatda, həm də Avropa Liqasında topu ələ keçirən kimi sürətli hücuma çıxırıq. Bu, bizim ən təhlükəli tərəflərimizdən biridir. Çempionatda bir çox rəqibimiz müdafiəyə qapanır. Topa nəzarət edir, sürətli hücumlardan istifadə edirik”.