Junior Kaysara Türkiyə klubundan ayrıldı

Türkiyə Super Liqasında mübarizə aparan “Başakşəhər” klubunun sağ cinah müdafiəçisi Junior Kaysara Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hansı ki, müqaviləyə əsasən o, 2024-cü ilin yayına kimi bu komandada forma geyinməli idi.

Junuor Kaysara 2017-ci ilin yanvar ayından “Başakşəhər”in uğurları üçün çalışırdı. Türkiyə klubu həmin vaxt onu Almaniyanın “Şalke” komandasından 3 milyon avro qarşılığında transfer etmişdi. 33 yaşlı futbolçu Super Liqa təmsilçisində 200 oyuna çıxıb, 2 qol vurub və 22 məhsuldar ötürmə edib. Braziliyalı müdafiəçi daha öncə “Ludoqorets”, “Jil Visente”, “Şalke”, “Santo Andre”, “Maseyo” və “Amerika” kimi klublarda da forma geyinib.

“Başakşəhər” Kaysaranın gedişindən sonra heyətinə yeni futbolçu da cəlb edib. Super Liqa təmsilçisi “Balıkəsirspor”un sağ cinah müdafiəçisi Ayberk Kayğısız ilə güclənib. 18 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. İstanbul klubunun bu keçidə görə aşağı liqa təmsilçisinə nə qədər təzminat ödədiyi açıqlanmır.

“Balıkəsirspor”un öz yetirməsi olan Ayberk Kayğısız bu klubun əsas komandasında 30 oyuna çıxıb, 3 qol da vurub.