“Kəpəz” 3 yetirməsi ilə yeni müqavilə bağladı

Premyer Liqada yeni mövsümə hazırlaşan “Kəpəz” Gəncə futbol məktəbinin 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, əvəzedici heyətdə çıxış etmiş gənc futbolçularla – müdafiəçilər Ümid Səmədov və Arzu Atakişiyevlə, eləcə də hücumçu Cavad Kərimovla yeni sözləşmə imzalanıb. Onlar daha 3 il bu klubun şərəfini qorumağa davam edəcəklər.

Klub rəhbərliyi və məşqçilər korpusu onların hər birinin potensialına inanaraq etimad göstərib. Uzunmüddətli müqavilələrlə bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inam ifadə olunub.

Xatırladaq ki, “Kəpəz” daha öncə əsas komandanın üzvləri Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənovla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə Gəncə təmsilçisini tərk ediblər. Onların əvəzində Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), İlkin Qırtımov (“Qəbələ”) və Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya) komandaya cəlb olunublar.

Qərb təmsilçisi artıq Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ilk turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la səfər matçını gözləyir. Bu oyun avqustun 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Qarşılaşmaya saat 20:45-də start veriləcək.

Premyer Liqamızda yeni mövsüm isə bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” matçı ilə başlayacaq.