“Kəpəz” Ahmad Ayzaya ilə müqavilə bağladı

“Kəpəz” heyətinə daha bir legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Gəncə klubu nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzayanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ahmed Ayzaya bu ilin fevralında “Zirə” ilə 1,5 illik sözləşmə imzalamışdı. Lakin ona bəslənilən ümidləri doğrultmayan futbolçunun bu yay komandadan göndərilməsinə qərar verilmişdi. Ayzaya “Zirə”dən öncə Portuqaliyanın “Sportinq” (Kovilya) komandasının uğurları üçün çalışıb. O, daha əvvəl bu ölkədə “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente” və “Varzim” klublarında da çıxış edib.

Ayzaya “Kəpəz”in heyətinə qatdığı 7-ci legionerdir. Sözügedən klub daha öncə Georgi Kantariya, Mate Kvirkviya, Abdullahi Şuaybu, Mixeil Erqemlidze, Peyman Keşavarzi və Yeqor Xvalko ilə də müqavilə bağlamışdı. Gəncə təmsilçisi Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Əfran İsmayılov, Rauf Əliyev, Fərid Nəbiyev və Yusif Nəbiyevi də heyətinə qatıb. Samir Məhərrəmli (“Sabah”) və Zamiq Əliyev (“Qarabağ”) isə icarəyə götürülüb.

Gəncə klubunda Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov, Bəhruz Teymurov və Əli Səmədovla da yeni müqavilə imzalanıb. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov isə komandadan ayrılıb.