“Kəpəz” belaruslu futbolçu ilə gücləndi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə daha bir legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Gəncə klubu belaruslu müdafiəçi Yeqor Xvalkonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xdiməti məlumat yayıb. 25 yaşlı ilə 1 illik müqavilə imzalanıb.

Yeqor Xvalko Qrodno “Neman”ının yetirməsidir. O, sonralar “Lida” və Mogilev “Dnepro”sunda da çıxış edib. Müdafiəçi 2021-ci ildən Dzerjinsk “Arsenal”ında forma geyinirdi. O, bu komandada son mövsüm ərzində 27 oyuna 4 qol da vurub. Futbolçu Belarusun U-19 və U-21 yığmalarında da oynayıb.

Bu, “Kəpəz”in heyətinə qatdığı 6-cı legionerdir. Sözügedən klub daha öncə Georgi Kantariya, Mate Kvirkviya, Abdullahi Şuaybu, Mixeil Erqemlidze və Peyman Keşavarzi ilə də müqavilə bağlamışdı. Gəncə təmsilçisi Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Əfran İsmayılov, Rauf Əliyev, Fərid Nəbiyev və Yusif Nəbiyevi də heyətinə qatıb. Samir Məhərrəmli (“Sabah”) və Zamiq Əliyev (“Qarabağ”) isə icarəyə götürülüb.

Gəncə klubunda Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov, Bəhruz Teymurov və Əli Səmədovla da yeni müqavilə imzalanıb. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov isə komandadan ayrılıb.