“Kəpəz” “Kaysar”a 3 cavabsız qolla qalib gəldi – VİDEO

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” Antalyada şəhərindəki hazırlıq prosesi çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstanın “Kaysar” kollektivi ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda Gəncə təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. Gəncəlilər ilk iki qolu penaltidən vurublar. 9-cu dəqiqədə Ahmed Ayzaya hesabı açıbsa, 48-ci dəqiqədə Mate Kvirkviya 11 metrlik zərbəni dəqiq yerinə yetirib. 50-ci dəqiqədə isə Ahmed Ayzaya dublunu rəsmiləşdirib.

Beləliklə, Gəncə klubu Türkiyə toplanışını möhtəşəm qələbə ilə yekunlaşdırıb. Komanda sabah Azərbaycana qayıdacaq və qısa istirahətin ardından Premyer Liqadakı oyunlarına hazırlaşacaq.

Xatırladaq ki, gəncəlilər Antalyadakı ilk oyunda Macarıstanın “MTK Budapeşt” komandasını 1:0 hesabı ilə məğlub etmiş, daha sonra Serbiyanın “Novi Pazar” kollektivi ilə heç-heçə (0:0) oynamışdı.

“Kaysar”la oyundan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov toplanışı dəyərləndirib. O, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Təlim-məşq toplanışı normal qaydada, planlaşdırdığımız kimi getdi. Komanda hər 3 oyunda uğurlu çıxış etdi. Oyun keyfiyyəti bizi qane etdi. Bəzi məqamlarda zədələnən və xəstələnən futbolçularımız oldu. Bəzi oyunçuları tam yoxlaya bilmədik. Ümumillikdə, komanda normal hazırlıq keçdi. Oyunlar da göstərdi ki, komanda əvvəlki matçlara nisbətən daha keyfiyyətli çıxış etdi. Ümumi 3 oyunun hər birini komanda yüksək səviyyədə keçirib. İkinci oyunumuz mübarizə şəraitində keçdi. Nə bizim, nə də rəqibin qol epizodları oldu. Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir”.