“Kəpəz” Orxan Sadıqlını futbola qaytardı

2022/23 mövsümünü Premyer Liqada keçirəcək “Kəpəz” daha bir transfer həyata keçirib. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi qapıçı Orxan Sadıqlı ilə güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Orxan Sadıqlı daha əvvəl “Xəzər Lənkəran”, “Keşlə”, “Sumqayıt” və “Zirə”də çıxış edib. O, xeyli müddət idi klubsuz idi.

“Kəpəz” daha öncə Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Əfran İsmayılov, Rauf Əliyev, Fərid Nəbiyev və Yusif Nəbiyevi də heyətinə qatmışdı. Gəncə klubu bu yay 4 legioner də (Georgi Kantariya, Mate Kvirkviya, Abdullahi Şuaybu, Mixeil Erqemlidze) transfer edib. Samir Məhərrəmli (“Sabah”) və Zamiq Əliyev (“Qarabağ”) isə icarəyə götürülüb.

Gəncə klubunda Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla da yeni müqavilə imzalanıb. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov isə komandadan ayrılıb.