“Kəpəz” Peyman Keşavarzi ilə gücləndi

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Gəncə klubu Cənubi Azərbaycandan olan müdafiəçi Peyman Keşavarzini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Peyman Keşavarzinin sonuncu iş yeri Təbrizin məşhur “Traktor” klubu olub. O, əvvəllər Azərbaycanda “Sumqayıt” və “Səbail”də oynayıb. Futbolçu “Maşinsazi”, “İstiqlal” və “Göstəriş” kimi klubların da formasını geyinib.

Bu, “Kəpəz”in heyətinə qatdığı 5-ci legionerdir. Sözügedən klub daha öncəGeorgi Kantariya, Mate Kvirkviya, Abdullahi Şuaybu və Mixeil Erqemlidze ilə də müqavilə bağlamışdı. Gəncə təmsilçisi Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Əfran İsmayılov, Rauf Əliyev, Fərid Nəbiyev və Yusif Nəbiyevi də heyətinə qatıb. Samir Məhərrəmli (“Sabah”) və Zamiq Əliyev (“Qarabağ”) isə icarəyə götürülüb.

Gəncə klubunda Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov, Bəhruz Teymurov və Əli Səmədovla da yeni müqavilə imzalanıb. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov isə komandadan ayrılıb.