“Kəpəz” “Sabah”ın futbolçusunu heyətinə qatdı

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Gəncə klubu “Sabah”ın futbolçusu Samir Məhərrəmlini heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Gənc futbolçu icarə əsasında bu komandanın uğurları üçün çalışacaq.

Samir Məhərrəmli “Qəbələ”nin yetirməsidir. O, 2020-ci ildən “Sabah”ın U-19 və əvəzedici komandalarında oynamağa başlayıb. Futbolçu U-21 millimizin də şərəfini qoruyub.

“Kəpəz” daha öncə Tural Axundov, Elvin Yunuszadə və Kamran İbrahimovu da transfer etmişdi. Gəncə klubu Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla da müqaviləni yeniləyib. Əvəzində Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla yollar ayrılıb.